Marko Lyubinkoviç: “Neftçi”ni məğlub etmək üçün azarkeş dəstəyinə böyük ehtiyacımız var”
25.07.2008 - 16:59
Vaslui. Mehman Süleymanov - APA-Sport. “Bakıdakı oyunda meydan sahibləri güclü azarkeş dəstəyinə malik idi. Onlar stadionunda möhtəşəm atmosfer yaratmışdılar. Azarkeşlər “Neftçi”ni 90 dəqiqə durmadan qələbəyə səslədilər, onlara çətin anda dəstək oldular”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Neftçi” klubunun İntertoto kubokunun üçüncü mərhələsində rəqibi olan “Vaslui” klubunun yarımmüdafiəçisi Marko Lyubinkoviç deyib. Azarkeşlərini “Neftçi” ilə sabahkı oyuna çağıran serbiyalı futbolçu onlara komandamızın tərəfdarlarını nümunə göstərib. Bakıdakı matçda 90 dəqiqə meydanda olan M.Lyubinkoviç “Munisipial Vaslui” stadionunun ağzınacan dolmasının vacibliyini bildirib: “Ümid edirəm ki, sabah yeni stadionumuzda da belə ab-hava olacaq. Bu, bizə çox vacibdir. Çünki UEFA kubokuna yüksəlmək uğrunda mübarizə aparırıq və ilk oyunda sonra hesabda geridəyik. Qarşımızda duran vəzifəni yerinə yetirmək üçün mütləq “Neftçi”ni məğlub etməliyik. Bu mənada azarkeşlərimizin dəstəyinə böyük ehtiyacımız var. Bizim üçün müstəsna əhəmiyyət kəsb edən matçda onların çılğın dəstəyini hiss etməliyik. “Neftçi” ilə matç çətin olacaq. Ancaq fikrimcə, biz baxımlı oyuna da fikir verib, nəticə qazana bilərik. UEFA kubokuna düşmək üçün “Neftçi” səddini keçməliyik”.
0
0