Valentin Xodukin: “Ölməmiş ayının dərisini bölmək lazım deyil”
01.08.2008 - 15:55
Valentin Xodukin: “Ölməmiş ayının dərisini bölmək lazım deyil”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Çox maraqlı püşk oldu. Fikrimcə, Azərbaycan azarkeşi üçün “Fənərbaxça”nın Bakıya gəlişi digər ölkələrin üçüncü və dördüncü komandaları ilə müqayisədə daha maraqlıdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edən Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. “Fənərbaxça” ilə qarşılaşmağın azərbaycanlıların böyük marağına səbəb olacağını deyən 69 yaşlı ukraynalı mütəxəssis bu komandanın ölkəmizdə xeyli azarkeşlərinin olmasından məlumatlıdır: “Püşkün nəticəsi çox yaxşı münasibətlərdə olan Azərbaycanla Türkiyəni bir qədər də yaxınlaşdıracaq. Bu iki ölkənin komandasının görüşü böyük ajiotaj yaradacaq, necə deyərlər, qəlblər isinəcək. Potensial rəqibimiz Türkiyənin ən titullu klublarından biridir. Onun baş məşqçisi son Avropa çempionu olan ispaniyalı mütəxəssis Luis Araqonesdir. “Fənərbaxça”da yüksək səviyyəli oyunçular çıxış edir. Matey Kejman tanınan hücumçudur. Braziliyalı müdafiəçi Roberto Karlos məşhur futbolçu, dünya çempionudur. Elə onun bura gəlişi, futbolçularımızla qarşılaşması böyük motivasiya yaradır. Misal üçün, Elvin Məmmədov kimi gənc oyunçumuza televiziyadan izlədiyi belə bir məşhur futbolçu ilə meydanda görüşmək maraqlı olacaq”. V.Xodukin üçüncü təsnifat mərhələsinin iştirakçısı olmaq üçün “Partizan” səddini keçməyin vacibliyini söyləyib: “İndi bütün diqqətimi “Partizan”la cavab görüşünə yönəltmişəm. Məhz avqustun 6-da Belqradda keçiriləcək oyundan sonra cütün qalibi bəlli olacaq. Əlbəttə, iştaha diş altında olur. Ancaq belə bir məsəl də var: hələ ölməmiş ayın dərisini bölmək lazım deyil. Buna görə də hadisələri qabaqlamaq istəmirəm”.
Qeyd edək ki, ÇL-nin ikinci təsnifat mərhələsində Macarıstanın MTK klubu ilə görüşən “Fənərbaxça” öz meydanında keçirdiyi ilk oyunda 2:0 hesabı ilə qalib gəlib, “İnter” isə “Partizan”la 1:1 hesablı heç-heçə edib.


0