Böyükağa Ağayev Anatoli Demyanenkonun köməkçisi oldu
01.08.2008 - 17:05
Böyükağa Ağayev Anatoli Demyanenkonun köməkçisi oldu
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının sabiq baş məşqçisi Böyükağa Ağayev yenidən “Neftçi” klubunda çalışacaq. Komandanın baş məşqçisi Anatoli Demyanenkonun “APA-Sport” agentliyinə açıqlamasında bu mütəxəssisin artıq işə başladığını söyləyib: “Böyükağa Ağayev haqda eşitmişdim. Bildiyimə görə, bu, təcrübəli mütəxəssis bir sıra komandalarda, o cümlədən “Neftçi”də də çalışıb. Ağayevi dəvət etdik, onunla söhbətim oldu. Əməkdaşlığı müzakirə etdik və heç bir problem yaranmadı. Ağayev köməkçilərindən biri olacaq və hamımız bir yerdə çalışmaqla komandanı hazırlaşdıracağıq”.
Birinci divizionda mübarizə aparan “Neftçi-2”ni ötən il çalışdıran 61 yaşlı B.Ağayev 90-cı illərdə əsas komandada baş məşqçi vəzifəsini icra edib. O, Kazbek Tuayevin köməkçisi kimi 1995/96 mövsümündə “qızıl dubl”a imza atıb. “Neftçi” ilə yanaşı, “Kür” (Mingəçevir), “Turan”, “Xəzər Universiteti” və “Qarabağ” klubunu çalışdıran B.Ağayev sonuncularla ölkə kubokunu qazanıb. Avrokuboklarda iki dəfə mərhələyə adlayan iki mütəxəssisimizdən biri olan B.Ağayev bunların birinə “Qarabağ”ın, digərinə isə “Xəzər Universiteti”nin sükanı arxasında imza atıb. Az öncə Səmədağa Şıxlarovu seleksiyaçı məşqçi təyin edən “Neftçi”nin məşqçilər korpusunda yenə dəyişikliyin olacağı gözlənilir. Belə ki, Elbrus Məmmədovla Nizami Sadıqov komandadan gedişi gözlənilir. Bundan əlavə, İmişlinin “MKT-Araz” klubunda İqor Nakoneçnının köməkçisi olan Mixail Olifirenkonun “Neftçi”yə dəvət olunacağı deyilir. Ukraynadan məşqçi gəlməsi variantının gündəmdə qaldığını söyləyən A.Demyanenko M.Olifirenko variantını təsdiqləməyib: “Ümumiyyətlə, köməkçilərimdən kiminləsə yollarımızı ayırmamışıq. Onlar hələ ki komandada fəaliyyətini davam etdirirlər”.
Qeyd edək ki, A.Demyanenko ilə M.Olifirenko futbolçu karyeraları dövründə 10 il Kiyevin “Dinamo” klubunda bir yerdə çıxış ediblər.
0