İngiltərədə Azərbaycan hakimliyi barədə şok açıqlama! - VİDEO
02.04.2010 - 10:33
İngiltərədə Azərbaycan hakimliyi barədə şok açıqlama! - VİDEO
İngiltərə yığmasının əfsanəvi futbolçusu Ceff Herst sensasion açıqlama verib. Apasport.az saytının xəbərinə görə, Herst 1966-cı il dünya çempionatının finalında Almaniya üzərində qazandıqları 4:2 hesablı qələbədən danışıb. Həlledici qarşılaşmada het-trikə imza atan hücumçu bildirib ki, həmin oyunun yan xətt hakimi Tofiq Bəhramovun qərarı səhv imiş.

“Həmin görüşdə almanların qapısına vurulan üçüncü qol qapı xəttini keçməmişdi. Mən bu qola görə Tofiq Bəhramova minnətdaram. Əgər bu gün sağ olsaydı, onun əlini sıxardım. Məhz Bəhramovun sayəsində dünya çempionatının finalında het-trik edib, tarixə düşdüm” – deyə, Herst bildirib.

Uzun müddət susmağa üstünlük verən 68 yaşlı futbolçunun bu açıqlaması şok effekti verib. İngiltərədə təşkil olunan mətbuat konfransında Herstin söylədikləri zaldakıları şoka salıb. Təşkilatçılar onu dayandırmağa çalışsalar da, istəklərinə çata bilməyiblər: “Ürəyimdə saxladıqlarımı boşaltmalıyam. Həqiqəti deməyin vaxtıdır. Etiraf etməliyəm ki, Bəhramov qolumu düzgün qeydə almadı. Həmin epizodda aşkar səhv etmişdi. Bu, 44 ildir çiyinlərimdə ağır bir yük idi. İndi şadam ki, artıq insanlar həqiqəti bilirlər”.

Xatırladaq ki, Londonun məşhur “Uembli” stadionunda keçirilən görüşün əlavə vaxtında Herstin zərbəsindən sonra dirəyə dəyərək yerə düşən topun qapı xəttini keçib-keçməməyi ilə bağlı müzakirələr artıq 44 ildir səngimir. Həmin matçın yan xətt hakimi olan azərbaycanlı hakim Tofiq Bəhramov topun qapı xəttini keçdiyini işarə etmişdi. Bu qərar almanların böyük narazılığına, ingilislərin isə böyük sevincinə səbəb olmuşdu. Ceff ardından bir qol vurmaqla, oyunda son nöqtəni qoyub, eyni zamanda, het-trikini rəsmiləşdirib.
0